Müəllif hüquqları
15. Əmlak hüquqlarını kollektiv əsasda idarə
edən təşkilatlar nə ilə məşğul olurlar?
Cavab:
Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların funksiyaları.
Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar öz səlahiyyətlərinə uyğun olaraq aşağıdakı funksiyaları həyata keçirir:
1) lisenziya verilən hallarda istifadəçi ilə qonorarın məbləğlərini və başqa şərtləri razılaşdırır;
2) idarə edilməsi ilə məşğul olduğu hüquqlardan istifadə üçün istifadəçilərə lisenziya verir;
3) lisenziya vermədən qonorar yığılması ilə məşğul olduğu hallarda istifadəçilərlə qonorarın məbləğlərini razılaşdırır;
4) lisenziya üzrə və (və ya) bu bəndin 3-cü yarımbəndində nəzərdə tutulmuş qonorarı yığır;
5) yığılmış qonorarı onun təmsil etdiyi müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri arasında bölüşdürür və ödəyir;
6) idarə etdiyi hüquqların qorunması üzrə vacib olan digər hüquqi hərəkətləri edir;
7) müəlliflik hüququnun və əlaqəli hüquqların sahiblərinin verdiyi səlahiyyətlərə uyğun olaraq digər işləri həyata keçirir.
Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların əsərlərdən və əlaqəli hüquqların obyektlərindən istifadə edən şəxslərdən istifadə edilən əsərlər və gəlirləri haqqında müvafiq qaydada təsdiq olunmuş proqram və digər sənədlər almaq, həmçinin müəyyən olunmuş müddətdə qonorarı ödəməyi tələb etmək hüququ vardır.
Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların vəzifələri.
1. Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar aşağıdakı vəzifələri yerinə yetirir:
1) yığılmış qonorarı müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri arasında bölmək və qanuni sahiblərinə ödəmək: bununla birlikdə, təşkilatın yığılmış qonorardan qonorarın yığılmasına, bölünməsinə və ödənilməsinə çəkdiyi xərcləri ödəmək üçün lazım olan məbləği, həmçinin müəlliflik hüququnun və əlaqəli hüquqların sahiblərinin razılığı və maraqları əsasında bu təşkilat tərəfindən yaradılan xüsusi fondlara yönəldilən məbləği çıxmaq hüququ vardır;
2) yığılan qonorarı bu bəndin 1-ci yarımbəndində göstərilən məbləği çıxarmaqla, əsərlərin və əlaqəli hüquqların obyektlərinin faktik istifadəsinə uyğun şəkildə bölmək və müntəzəm olaraq ödəmək;
3) qonorarı ödəməklə birlikdə müəlliflik hüququnun və əlaqəli hüquqların sahiblərinə onların hüquqlarından istifadə barədə məlumat vermək;
Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlara əsərlərindən istifadəyə görə qonorarı (42-ci maddənin birinci bəndinin 4-cü yarımbəndi) yığmaq səlahiyyəti verməmiş müəlliflik hüququnun və əlaqəli hüquqların sahiblərinin onlara çatası qonorarı tələb etmək, həmçinin özlərinin bu təşkilat tərəfindən istifadəyə verilmiş əsərlərini və əlaqəli hüquqların obyektlərini lisenziyadan çıxarmağı tələb etmək hüququ vardır.
(«Müəlliflik hüququları və əlaqəli hüquqlar haqqında» qanunundan çıxarış)