Ramiz Mirişli
Kinorejissor
(16.04.1934 – 17.04.2015)
Ramiz Aqil oğlu Mirişli Naxçıvanda anadan olub. Asəf Zeynallı adına musiqi məktəbində (1952-1954), Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq ixtisası üzrə (1956–1962) təhsil alıb. Əmək fəaliyyətinə 1954-cü ildən Azərbaycan Radio-İnformasiya İdarəsində musiqiçi kimi başlayıb. 1962-ci ilədək müxtəlif musiqi məktəblərində müəllim işləyib. O, 1962-2005-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində musiqi baş redaksiyasında böyük redaktor və baş redaktor vəzifələrində çalışıb, həmçinin 1987-1995-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasında mahnı və rəqs ansamblının bədii rəhbəri vəzifəsini tutub. 1978-1998-ci illərdə Azərbaycan Bəstəkarlar İttifaqının Naxçıvan şöbəsinə rəhbərlik edib. Yaradıcılığını uzun illər ərzində pedaqoji fəaliyyətlə sıx əlaqələndirən Ramiz Mirişli 1972-ci ildən indiki Bakı Musiqi Akademiyasının müəllimi, dosenti və professoru, 2005-ci ildən ömrünün sonunadək Azərbaycan Milli Konservatoriyasının professoru olaraq yeni musiqiçilər nəslinin yetişdirilməsi üçün zəngin bilik və bacarığını əsirgəməyib. Onlarla mahnı və romansların, kino və teatr musiqisi sahəsində əsərlərin müəllifidir. Bəstəkar 4 musiqili komediya, kamera orkestri üçün simfoniya, 3 simfonik poema, 4 simfonik süita, 3 kantata, səs və orkestr üçün 2 vokal məcmuə, fortepiano üçün 12 süita və miniatürlər, 40-dan artıq teatr tamaşalarına və kinofilmlərə musiqi, yüzlərlə mahnılar, N.Gəncəvinin qəzəlinə solist, xor və simfonik orkestr üçün “Peyğəmbərin tərifi” vokal Poeması (1997), mahnı və romanslar yazıb. Naxçıvanın Əməkdar incəsənət xadimi (1974), Əməkdar incəsənət xadimi (1982), Xalq artisti (1990), “Şöhrət” və “Şərəf” ordenləri laureatı Ramiz Mirişli 2015-ci ildə vəfat edib.
Bəstəkar Ramiz Mirişli bəstəkar Nazim Mirişlinin atasıdır.
- https://portal.azertag.az/az/node/6097
- https://news.milli.az/culture/842904.html
- http://www.anl.az/down/meqale/kaspi_az/2018/aprel/586068.htm
- http://www.anl.az/down/meqale/medeniyyet/medeniyyet_aprel2009/74887.htm
- http://konservatoriya.az/?p=3092
- https://modern.az/az/news/75814/bestekar-ramiz-mirisli-vefat-edib
FILMOQRAFIYA:
- Oxuyur Şövkət Ələkbərova (1970, qısametrajlı sənədli televiziya filmi) – bəstələrindən istifadə olunub
- Həyat, sən kiminsən? (1972, qısametrajlı bədii film) – bəstəkar
- Payız melodiyaları (1974, qısametrajlı sənədli televiziya filmi) – bəstələrindən istifadə olunub
- Pıspısa xanım və siçan bəy (1974, animasiya filmi) – bəstəkar
- Alma almaya bənzər (1975, tammetrajlı bədii film) – bəstəkar
- Dınqıl, sazım, dınqıl (1976, animasiya filmi) – bəstəkar
- Kirpi balası və alma (1977, animasiya filmi) – bəstəkar
- Şəki (II) (1977, qısametrajlı sənədli televiziya filmi) – bəstələrindən istifadə olunub
- Evin kişisi (1978, tammetrajlı bədii film) – bəstəkar
- Salam, Zeynəb! (1982, qısametrajlı sənədli televiziya filmi) – bəstələrindən istifadə olunub
- Sən belə cımbılısan (1982, animasiya filmi) – bəstəkar
- Köhnə bərə (1984, tammetrajlı bədii film) – bəstəkar
- Sehrli naxışlar (1984, animasiya filmi) – bəstəkar
- Monoloq (1987, qısametrajlı sənədli film) – bəstəkar
- Sahilsiz gecə (1989, tammetrajlı bədii film) – bəstəkar
- Analar və laylalar (1991, animasiya filmi) – bəstəkar
- Qəzəlxan (1991, tammetrajlı bədii film) – bəstəkar
- Nekroloq (2001, tammetrajlı film-tamaşa) – bəstəkar
- Dəvətnamə (II) (2002, tammetrajlı film-tamaşa) – bəstəkar
- Azərbaycan xəritəsi (2006, qısametrajlı sənədli televiziya filmi) – bəstəsindən istifadə olunub
- Bakı bağları (2007, sənədli serial) – bəstəsindən istifadə olunub
- Bəylik dərsi və ya keçmişdən gülməcələr… (2007, tammetrajlı film-tamaşa) – bəstəkar
- Hədiyyələr, həyəcanlar… (2007, qısametrajlı sənədli televiziya filmi) – bəstəsindən istifadə olunub
- Ömür urası (2007, qısametrajlı sənədli televiziya filmi) – bəstələrindən istifadə olunub
- Caz əfsanəsi (2011, qısametrajlı sənədli televiziya filmi) – bəstələrindən istifadə olunub
- Mürafiə vəkillərinin hekayəti (2011, tammetrajlı film-tamaşa) – bəstəkar
- Bir ömrün salnaməsi (2013, qısametrajlı sənədli televiziya filmi) – bəstələrindən istifadə olunub
