Aydın Əzimov

Bəstəkar

(18.02.1946)

Aydın Kərim oğlu Əzimov (Aydın Əzim Kərimoğlu / Aydın Əzimzadə) Bakının Əmircan kəndində anadan olub. Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin “nəzəriyyə” şöbəsində (1960-1964), Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının “Bəstəkarlıq” fakültəsində (1964-1972, Qara Qarayevin sinfi) təhsil alıb. Bir sıra simfonik əsərlərin və kamera musiqisi, teatr və kino musiqisi, mahnı və romansların müəllifidir. Üzeyir Hacıbəyovun Azərbaycan Respublikası Dövlət Himnini bərpa edib. Azərbaycan Dövlət Teleradio Komitəsində çalışıb, Radionun Musiqi Verilişləri Baş redaksiyasında kiçik redaktor, böyük redaktor, şöbə müdiri, Radionun səsyazma Evində səs rejissoru, baş rejissor, Azərbaycan teleradio Komitəsi Bədii kollektivlərinin və səsyazma evinin müdiri, “Azərbaycantelefilm” yaradıcılıq birliyinin baş məsləhətçisi vəzifələrini icra edib (1968-1996). 1996-2005-ci ildə Türkiyə Respublikası Mersin Universitetinin Dövlət Konservatoriyasında çalışıb, Konservatoriyanın “Bəstəkarlıq” fakültəsini təşkil edib. 2005-ci ildən Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının bəstəkarlıq kafedrasında professor olaraq fəaliyyətini davam etdirir. Musiqi Akademiyasının elmi laboratoriyasının fəal əməkdaşıdır, dini musiqi, aşıq musiqisi və muğam üzrə elmi araşdırmalar aparır və buna aid bir çox kitabların və məqalələrin müəllifidir. Əsərləri arasında Üzeyir Hacıbəyovun “Azərbaycan himni”nin bərpası – klavir və partiturası (1991), “Həyatın dibində” simfonik lövhələri (1991), simfonik orkestr üçün “Böyük Romul” süitası (1992), qoboy və vibrafon üçün 2 pyes (1992), “Əmanət” musiqili komediyası (1993), “Ağılar” simfonik quramalar (1994), “Qətl günü” simfonik röyalar (1994), “Yay gecəsinin yuxusu” müzikl (1995), “Karmen” müzikl (1995), simfonik orkestr üçün 10 əsgər marşı (1996-1998), Nazim Hikmətin və Vaqif Səmədoğlunun sözlərinə vokal silsilələr (1997), piano üçün variasiyalar (2001), teatr tamaşalarına musiqilər – “Həyatın dibində” (1991), “Böyük Romul” (1992), “Lənkəran xanının vəziri” (1992), “Yayda qartopu oyunu” (1993), “Qətl günü” (1994). Azərbaycan bəstəkarlarının skripka əsərlərindən ibarət skripka və fortepiano üçün “Sonata-poema” əsərini yazıb və bu 11 illik musiqi və incəsənət məktəblərinin tədris proqramlarına salınıb. 2010-cu ildən Azərbaycan Professional Kinorejissorlar Gildiyasının üzvüdür. Əməkdar incəsənət xadimidir.

  1. http://kinobiz.az/celebrity/aydin-%C9%99zimov/
  2. https://www.medeniyyet.az/page/news/57065/Taninmis-bestekar-Aydin-Ezimovun-75-yasi-tamam-olur.html?lang=az
  3. https://aki.az/aydin-%C9%99zim-k%C9%99rimoglu-75/
  4. http://amac.az/b%C9%99st%C9%99kar-aydin-%C9%99zimovun-v%C9%99t%C9%99n-mahnisinda-milli-semantikanin-t%C9%99zahuru/
  5. https://www.azerbaijans.com/content_975_az.html

FILMOQRAFIYA:

  1. Daş saat (1975, qısametrajlı sənədli film) – bəstəkar
  2. Daşlar danışanda (1976, qısametrajlı sənədli film) – bəstəkar
  3. Üzeyir ömrü (1981, tammetrajlı bədii film) – aktyor (redaksiyanın əməkdaşı)
  4. Uşaq və külək (1982, animasiya filmi) – bəstəkar
  5. Topal Teymur (1983, tammetrajlı film-tamaşa) – səsyazma üzrə səs rejissoru
  6. Qətl günü (1990, tammetrajlı bədii film) – bəstəkar
  7. Divar (1991, qısametrajlı bədii film) – bəstəkar
  8. Anamın kitabı (1994, tammetrajlı film-tamaşa) – bəstəkar
  9. Şüalə (1994, animasiya filmi) – bəstəkar
  10. Ümid (II) (1995, tammetrajlı bədii film) – bəstəkar
  11. Cəza (1996, tammetrajlı film-tamaşa) – bəstələrindən istifadə olunub
  12. Leyli və Məcnun (III) (1996, tammetrajlı film-tamaşa) – ssenari müəllifi, musiqi rəhbəri, aktyor
  13. Qobustan (III) (1997, qısametrajlı sənədli televiziya filmi) – bəstələrindən istifadə olunub
  14. Naməlum səs (1997, qısametrajlı sənədli televiziya filmi) – məsləhətçi
  15. Bəsdir, ağlama! (1999, tammetrajlı bədii film) – bəstəsindən istifadə olunub
  16. Mir Teymur (2003, qısametrajlı sənədli televiziya filmi) – bəstəsindən istifadə olunub
  17. Yalan (2006, tammetrajlı bədii film) – bəstəkar
  18. Sirr (2012-2013, bədii serial) – aktyor
  19. Bir ömrün salnaməsi (2013, qısametrajlı sənədli televiziya filmi) – bəstələrindən istifadə olunub
Kontakt:+994 50 504 95 59
Ünvan:Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi ev 99, mənzil 11.