Əjdər İbrahimov

Rejissor, ssenarist

(29.04.1919-20.09.1993)

Əjdər Mütəllim oğlu İbrahimov Aşqabadda anadan olub. Aşqabad Teatr Məktəbində (1940), Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsində (Sergey Yukteviç və Mixail Rommun sinfi, 1946-1952) təhsil alıb. Aşqabadda fəaliyyət göstərən xalq teatrında uşaq rolları oynayıb (1923-1927). Aşqabad Azərbaycan Musiqili Dram Teatrında (1937-1942), Aşqabad kinostudiyasında (1952-1954), Bakı kinostudiyasında (1954-1959), Vyetnamda (1959-1962), “Mosfilm” kinostudiyasında (1962-1993) işləyib. Vyetnamda ilk milli kino məktəbinin yaradılması, milli aktyor və rejissor kadrlarının hazırlanmasında fəal iştirak edib. Xanoyda kino məktəbi açıb. Vyetnamın ilk bədii filmləri onun rəhbərliyi altında çəkilib: “Bir payız günündə” (1962), “Acgöz quş (Cüllüt)” (1962), “İki əsgər” (1962). Son iki film Karlovı-Varı Beynəlxalq Kino Festivalında mükafat alıb. “Sovet Türkmənistanı” sənədli filminin bir çox sayısını çəkib. Xarici film istehsalçılarının “Sülh uğrunda mübariz” (1952 / Rusiya) diplom filminin rejissoru, “Firuzə” (1953 / Türkmənistan) sənədli filminin rejissoru, “Xəzərin şərqində” (1953 / Türkmənistan) sənədli filminin rejissoru, “İssık-Kulun al lalələri” (1971, rejissor Bolotbek Şəmşiyev / Qırğızıstan) filmində aktyor, “Sevmək lazımdır” (1973, rejissor Muhamed Soyunxanov / Türkmənistan) filminin ssenari müəllifi, “Ürək məsələləri” (1973 / Rusiya) filminin rejissoru, “Məhəbbətim mənim, kədərim mənim” (1978 / Türkiyə, Rusiya) filminin rejissoru və ssenari müəllifi, “Narahat adam” (1985 / Rusiya) filminin rejissoru, ssenari müəllifi və Əjdər rolunun ifaçısı olub. Əjdər İbrahimov “Vyetnamda gördüklərim” (1964), “Döyüşən Vyetnamın kino sənəti” (1968), “Tai qəbiləsindən olan qız” (1970), “Günəş ağlayır” (1971) kitablarının müəllifidir. 20 ildən artıq Moskva Dövlət Mədəniyyət İnstitutunda kino rejissorluğu və aktyor sənətindən dərs deyib. Türkmənistanın Əməkdar incəsənət xadimi (1959), Azərbaycanın Əməkdar incəsənət xadimi (1959), Xalq artisti (1971), Dövlət mükafatı laureatı, Vyetnam Əməyi Qəhrəmanı, Qırmızı Əmək Bayrağı, Xalqlar Dostluğu və “Şərəf nişanı” ordenləri laureatı, SSRİ Xalq artisti (1991) Əjdər İbrahimov 1993-cü ildə Moskvada vəfat edib, Bakıda Fəxri Xiyabanda dəfn olunub.

Rejissor Əjdər İbrahimov ssenarist Marqarita Maleyevanın həyat yoldaşıdır.

  1. http://www.anl.az/down/meqale/xalqqazeti/xalqqazeti_aprel2009/77130.htm
  2. https://kulis.az/xeber/media/vyetnam-prezidenti-ile-dostluq-eden-4-qardasini-vaxtsiz-itiren-turkan-sorayi-filme-ceken-xalq-artistimiz-colorred-maraqli-faktlarcolor-30309
  3. https://medeniyyet.az/page/news/19108/Milyonlarin-sevimlisi:-Ejder-Ibrahimov.html?lang=en
  4. https://medeniyyettv.az/az/news/299/kinorejissor-ejder-ibrahimovun-xatiresi-anilib
  5. https://az.trend.az/azerbaijan/culture/3141205.html
  6. https://adalet.az/az/writers/detail/aqilnbsp-abbas-ejder-ibrahimovun-ulduzlari-niye-sondunbsp-2021-04-25-153826

FILMOQRAFIYA:

  1. Bəxtiyar (II) (1955, tammetrajlı bədii film) – ikinci rejisor
  2. Görüş (1955, tammetrajlı bədii film) – ikinci rejissor
  3. Bir məhəllədən iki nəfər (1957, tammetrajlı bədii film) – rejissor, aktyor
  4. Onun böyük ürəyi (1958, tammetrajlı bədii film) – rejissor, aktyor (Rəsulov)
  5. İyirmialtılar (1966, tammetrajlı bədii film) – rejissor, ssenari müəllifi, aktyor (Əhməd)
  6. Ulduzlar sönmür (1971, tammetrajlı bədii film) – rejissor, ssenari müəllifi, aktyor (Bequlov)
  7. Ömrün ilk saatı (1973, tammetrajlı bədii film) – aktyor
  8. Qayınana (II) (1978, tammetrajlı bədii film) – ssenari müəllifi
  9. Qəribə adam (1979, tammetrajlı bədii film) – rejissor, ssenari müəllifi, aktyor (tacir Rəcəb)
Hüquqvarisi:Həyat yoldaşı Marqarita Zaxarovna Maleyeva.
Əlaqə:+74959151394223
Ünvan:Bakı şəhəri, Moskva prospekti 1.