Maliyyə Naziri Cənab Samir Şərifova açıq məktub!

Hörmətli Nazir, Siz Milli Məclisin komitələrinin birgə iclasında çıxış edərək, etiraf etmisiniz ki, son 2 ildə kino sahəsinə vəsaitin ayrılmasını – milli kinomuzun inkişafı naminə – məhdudlaşdırmısınız və Sızin fikrinizcə, bu artıq öz “müsbət nəticələrini” verir. Dediyiniz kimi “son 1-2 ildə özəl sektor tərəfindən çox gözəl kinolar çəkilir”. Siz yəqin ki, gözəl kino” deyəndə Şəmi ilə Şoşunu  nəzərdə tutursunuz… Heç şübhəsiz ki, bu obrazları  və  bu səmtdə digər  filmləri yaradanların niyyəti tamaşaçını özünə cəlb eləmək və pul qazanmaqdır. Çox gözəl və normal niyyətdir… və əminəm ki, həmin filmləri yaradanların heç ağlına da belə gəlməzdi ki, onların fəaliyyətlərinin nəticəsi Sizin əlinizdə sənət adamlarını yaradıcı ifadə imkanlarından və ən elementar: öz işlərindən məhrum etməyə bahənə olacaq! Xülasə… Hörmətli Nazir, gəlin film istehsal edib, pul qazananlarda  işimiz olmasın. Onlar Sizin və Bizim arzumuz və istəyimizlə işləmirlər… Hərçəndir, bir peşəkar kimi Siz  bilməli idiniz ki, infrastrukturu olmayan sahədə biznesin gələcəyi yoxdur… Dünyada hər 1 milyon əhaliyə orta hesabla 50-60 kinozal norma sayılan halda, 10 milyonluq əhaliyə, cəmi 60-70 kinozalı olan (hamısıda demək olar mərkəzdə) bizim ölkədə  kinobiznesdən danışmaq ən azı sadəlövlükdür…  Sözgəlmişkən, vaxtilə bütün ölkəni bürüyən, yüzlərlə zalı olan qış və yay kinoteatrlar, məhz kinomuzun inkişafı naminə “özəlləşdirilmişdi”…  Bəs hanı o kinoteatrlar, hörmətli Nazir?

Siz deyirsiniz ki, “heç bir deputat əvvəlki illərdə kifayət qədər böyük həcmdə ayrılan vəsaitin müqabilində çəkilən hansısa kino əsərinin olub-olmaması məsələsinə toxunmur”. Niyə toxunsunlar ki, əgər onların,  Sizə arayış hazırlayanlardan fərqli olaraq, kinomuzun nailiyyətlərindən xəbərləri var və bu heç kimə sirr də deyil… Son illər milli filmlərimiz 60-dan çox ölkədə nümayiş olunaraq, 167 beynəlxalq festivallarda iştirak edib və 50-dən artıq mükafatlara layiq görülüblər…

Ölkəmizdə belə göstəriciləri olan sahə çoxdurmu, hörmətli Nazir?

Sizin xəbəriniz varmı ki,  festivallarda iştirak edib uğur qazanan filmlərimizin real qiyməti Sizin  “kifayət qədər böyük həcmdə” ayırdığınız vəsaitdən qat-qat artıqdır və həmin filmlər sənətkarlarımızın min əziyyəti, böyük məhrumiyyətləri hesabına başa gəlir?

Nə qədər utancverici olsa da mən Sizə və Sizinlə həmfikir olanlara bir peşəkar kimi ən elementar anlayışları deməyə məcburam: bütün dünya ölkələrində milli kinematoqraf üç təməl üzərində inkişaf edir: Siyasət (idialogiya və təbliğat), iqtisadiyyat (sənaye və biznes) və incəsənət (yaradıcılıq və mənəviyyat)… Bu əsas amillərin hər biri milli kinonun tərkib hissəsidir və onun inkişafı üçün vacibdir.  Və ancaq onların arasında düzgün qurulan mütənasiblik, onun davamlı və normal inkişafını təmin edə bilər. Məhz ona görə də, bütün dünyada kinematoqrafa dövlət himayəsi mövcuddur və məhz dövlət bu mütanasibliyin pozulmasına imkan vermir və milli kinonun inkişafına məsuliyyətlə yanaşaraq onun taleyini hansısa şəxsi qurumlardan aslı vəziyyətə salmırlar. Bütün bunlara əsaslanaraq, dünyada kinematoqrafın bir neçə inkişaf modeli mövcuddur… və bu modellərin hamısında dövlət məhz sənətə dayaq durur və onu maliyyələşdirir… Sizin bunlardan xəbəriniz varmı, hörmətli Nazir?

Bizim zənnimizcə, ölkədə aparılan islahatlar dalğasında yaranan Agentliklərin ən birincisi, kinematoqrafiya ilə bağlı olmalı idi. Milli kinomuzda mövcud pərakəndəliyin və səriştəsizliyin  qarşısını almaq məqsədi ilə dünya ölkələrinin təcrübəsindən çıxış edən və vahid konsepsiyaya söykənən, məqsədyönlü və ardıcıl fəaliyyət, infrastrukturun bərpasına  və yuxarıda dediyimiz kimi siyasi, iqtisadi və yaradıcı münasibətlərin formalaşması ilə nəticələnməli idi. Əfsuslar olsun ki, peşəkarların mütəmadi olaraq xəbərdarlıqlarına baxmayaraq, bu baş vermədi…

Sizin, kinematoqrafiyada “müəyyən keyfiyyətyönümlü dəyişiklik baş verməlidir” ifadəsi son illərdə artıq normaya çevrilmiş milli kinomuzun taleyi ilə bağlı işlədilən qeyri-müəyyən xarakterli ifadələrdəndir. Bu fikrə qoyulan məzmundan aslı olmayaraq, Sizin büdcədə kino ilə bağlı verdiyiniz qərar səbəbindən, bu ifadə milli kinomuz üçün heç bir müsbət keyfiyətyönümlü dəyişiklik vəd etmir!

Biz Sizi, çox spesifik sahə olan milli kinomuzun talehyüklü məsələlərinin həllində ümumi iqtisadi qanunlardan yox, kinematoqrafın təbiətindən və xarakterindən doğan qanunlardan çıxış  etməyə çağırırıq…

Hüseyn Mehdiyev

Kinorejissor, ssenarist, prodüser

P.S. Əgər Sizə maraqlıdırsa, bildirmək istəyirəm ki, həmkarlarımın əksəriyyəti söylədiyim fikirlərlə şərikdirlər…

Comments are disabled.