Maqsud İbrahimbəyov
Ssenarist, rejissor
(11.05.1935 — 22.03.2016)
Maqsud Məmməd İbrahim oğlu İbrahimbəyov Bakıda anadan olub. Azərbaycan Dövlət Politexnik İnstitutunun inşaat fakultəsini (1955-1960), Moskvada Ali ssenari kurslarını (1962-1964) və Ali rejissor kurslarını (1971-1973) bitirib. Tikinti Nazirliyinin ağır sənaye inşaatı trestində qulluqçu (1960-1962), Mərkəzi Televiziya və Radio Verilişləri Komitəsinin Azərbaycan üzrə xüsusi müxbiri (1964-1971) olub. Bədii yaradıcılığa 1960-cı ildə başlayıb. “Mezozoy əhvalatı” əsəri fəhlə sinfinə həsr olunmuş pyeslərin Ümumittifaq müsabiqəsində I mükafat alıb. “Bayquş gələndə…” və “Bütün yaxşılıqlar üçün – ölüm!” əsərlərinə görə dövlət mükafatına layiq görülüb (1976). Dünyanın müxtəlif dövri nəşrlərində dərc olunmuş roman, povest və hekayələrin müəllifidir. Əsərləri 26 xarici dilə tərcümə olunub. “Mezazoy əhvalatı” (1975), “Bütün yaxşılıqlara görə ölüm” (1978), “Kərgədan buynuzu” (1993), “Müdrik Sfinks gülümsəyir” (2001), “Final restoranı” (2006). “Ülyahəzrətin rolls – roysu” (2009) və başqa pyesləri tanınmış səhnə xadimlərinin quruluşunda altmışdan çox teatr səhnəsində oynanılıb. Onların sırasında Boris Ravenskix (Moskva Kiçik Dram Teatrı), Zinoviy Karaqodski (Leninqrad Gənc Tamaşaçılar Teatrı), Tofiq Kazımov (Azərbaycan Milli Dram Teatrı), Aleksandr Şarovski (Bakı Rus Dram Teatrı) və başqaları kimi görkəmli simaların adlarını çəkmək olar. Xarici film istehsalçılarının çəkdikləri “Qoy o bizimlə qalsın” (1974, rejissor İrina Tarkovskaya / Rusiya), “Dağ mağarasının sirri” (1975, rejissor Lev Mirski / Rusiya, “Bütün yaxşılıqlar üçün ölüm” əsəri əsasında), “Sən nəğməmsən mənim” (1975, rejissor Anatoli Kabulov / Özbəkistan), “Truskavesə kim gedəcək?” (1977, rejissor Valeri Əhədov / Tacikistan), “Ona görə ki, mən Ayvar Lidakam” (1978, rejissor Biruta Veldre / Latviya), “Qızıl buzovların valsı” (1992, rejissor Murad İbrahimbəyov / Rusiya), “Gənc qadın üçün kişi” (1996, rejissor Murad İbrahimbəyov / Rusiya) filmlərinin ssenari müəllifidir. Azərbaycan Respublikası Əsilzadələr Məclisinin sədri, Luiziana (ABŞ) ştatının Fəxri senatoru, Minneapolis şəhərinin (ABŞ) Fəxri vətəndaşı, Azərbaycan Respublikası PEN — klubunun prezidenti, Azərbaycan Dövlət mükafatı laureatı (1976), “Şərəf”, “Şöhrət” və “İstiqlal” ordenləri (2005), “Dostluq” ordeni (Rusiya), Roma Papası ordeni laureatı, əməkdar incəsənət xadimi (1979), xalq yazıçısı, Azərbaycan Respublikası Sülh Komitəsinin sədri, Milli Məclisin üzvü (1995, 2000, 2005) Maqsud İbrahimbəyov 2016-cı ildə vəfat edib, Fəxri xiyabanda dəfn olunub.
Yazıçı Maqsud İbrahimbəyov ssenarist Rüstəm İbrahimbəyovun qardaşıdır.
Yazıçı Maqsud İbrahimbəyov rejissor Murad İbrahimbəyovun atasıdır.
Maqsud İbrahimbəyovun fərdi saytı: www.maksudibragimbekov.com
- https://azerbaijan.travel/maqsud-ibrahimbeyovun-dunyasina-sefer
- https://az.trend.az/azerbaijan/society/2510134.html
- https://az.trend.az/azerbaijan/society/2510160.html
- https://www.azerbaijan-news.az/view-25253/maqsud-ibrahimbeyov-qardasindan-ferqli-yol-tutdu
- https://president.az/az/articles/view/27645
- http://az.baku-art.com/az/xalq-yazich-s-maqsud-ibrahimbeyovun-kitablar-muxtelif-dill-rd-t-krar-n-shr-edilib
FILMOQRAFIYA:
- Azadlıq adasında (1967, qısametrajlı sənədli film) – ssenari müəllifi
- Azadlıq adasının elçiləri Azərbaycanda (1968, qısametrajlı sənədli film) – ssenari müəllifi
- Uşaqlığın son gecəsi (1968, tammetrajlı bədii film) – ssenari müəllifi
- Bizim Cəbiş müəllim (1969, tammetrajlı bədii film) – ssenari müəllifi, əsərindən istifadə olunub
- Aslan və iki öküz (1970, animasiya filmi) – ssenari müəllifi
- Ayı və siçan (1970, animasiya filmi) – ssenari müəllifi
- Ən vacib müsahibə (1971, tammetrajlı bədii film) – ssenari müəllifi
- Bakı qalası (III) (1973, qısametrajlı sənədli televiziya filmi) – ssenari müəllifi
- Günlərin bir günü – Günlərin bir günü (1976, tammetrajlı bədii film — kinoalmanax) – ssenari müəllifi
- Mezozoy əhvalatı (1976, tammetrajlı bədii film) – ssenari müəllifi, əsərindən istifadə olunub
- De ki, məni sevirsən! (1977, tammetrajlı bədii film) – rejissor, ssenari müəllifi
- Arvadım mənim, uşaqlarım mənim – Bağçada rahat yer (1978, tammetrajlı bədii film, kino-almanax) – ssenari müəllifi
- Bayquş gələndə… (1978, tammetrajlı bədii film) – ssenari müəllifi, əsərindən istifadə olunub
- Bir az da bahar bayramı (1979, qısametrajlı bədii film) – ssenari müəllifi, əsərindən istifadə olunub
- Yarımçıq qalmış mahnı (1979, tammetrajlı bədii film) – rejissor, ssenari müəllifi, əsərindən istifadə olunub
- Yeddi gözəl (1982, tammetrajlı bədii film) – ssenari müəllifi
- Bakı. Müharibə illəri (1985, qısametrajlı sənədli televiziya filmi) – ssenari müəllifi
- Gənc qadının kişisi (1988, tammetrajlı bədii film) – əsərindən istifadə olunub
- Bir nəfər hamıya görə (1989, qısametrajlı bədii film) – ssenari müəllifi
- Ondan yaxşı qardaş yox idi (2010, tammetrajlı bədii film) — ssenari müəllifi, əsərindən istifadə olunub
