loading

Reqlament

Azərbaycan Kino Akademiyasının

“QIZIL PƏRİ”

kino və tv üzrə peşə mükafatının

REQLAMENTİ

Azərbaycan Kino Akademiyası – Azərbaycan Professional Kinorejissorlar Gildiyası,  Aktyorlar Gildiyası və Prodüserlər Gildiyasının dəstəyi ilə, audiovizual sahənin inkişafına dəstək, milli mənəvi dəyərlərin qorunub saxlanılması və bu sahədə çalışan peşəkarları – müəllifləri, ifaçıları,  prodüserləri və digər peşə sahiblərini həvəsləndirmək məqsədi ilə “QIZIL PƏRİ” peşə mükafatının 2018-ci il müsabiqəsini elan edir.

 1.Ümumi müddəalar

1.1. “QIZIL PƏRİ” Mükafatı ölkəmizdə audiovizual sahədə əldə edilmiş nəailiyyətlərə, milli və dünya audiovizual mədəniyyətinə verdiyi töhfələrə görə verilir;

1.2. “QIZIL PƏRİ” Mükafatının bütün təşkilatı məsələlərini Təşkilat Komitəsi həyata  keçirir.

1.3. “QIZIL PƏRİ” Mükafatı müsabiqəsinin neçə ildən bir keçirilməsi və nominasiyaların sayı, Azərbaycanda istehsal olunan audiovizual əsərlərin müsabiqə üçün alternativliyini və rəqabətliliyini təmin edən dərəcədə olmasından aslı olaraq müəyyənləşdirilir. Qərar, Təşkilat Komitəsinin öncə apardığı monitorinqin nəticələri əsasında hazırladıqları və təqdim etdikləri statistik məlumatlara əsaslanaraq qəbul edilir;

1.4. 2018-ci ilin “QIZIL PƏRİ” Mükafatının nominasiyaları aşağıdakılar ola bilər:

“QIZIL PƏRİ” MÜKAFATININ:

  1.  ən yaxşı bədii film
  2. ən yaxşı teleserial
  3. ən yaxşı sənədli film
  4.  ən yaxşı telefilm
  5. ən yaxşı cizgi filmi
  6. ən yaxşı müəllif tv. verilişi
  7.  ən yaxşı qısametrajlı bədii film
  8. ən yaxşı qısametrajlı sənədli film
  9.  ən yaxşı debüt
  10. ən yaxşı rejissor işi
  11. ən yaxşı prodüser
  12. ən yaxşı orijinal ssenari
  13. ən yaxşı aktrisa
  14. ən yaxşı aktyor
  15. ən yaxşı operator işi
  16. ən yaixşı rəssam işi
  17. ən yaxşı musiqi
  18. ən yaxşı montaj
  19. ən yaxşı rəssam işi – geyim üzrə
  20. ən yaxşı rəssam işi – qrim üzrə
  21. ən yaxşı səs rejissorun işi
  22. ən yaxşı xarici film (qonşu ölkələrin)
  23. Milli kinonun inkişafına verdiyi töhfələrinə görə
  24. Milli televiziyanın inkişafına verdiyi töhfələrinə görə

“QIZIL PƏRİ” MÜKAFATININ XÜSUSİ DİPLOMLARI:

  1.  ən yaxşı kommersiya uğurlu film
  2. ən yaxşı tələbə işi
  3. ən yaxşı musiqi klipi
  4. ən yaxşı reklam çarxı
  5.  ən yaxşı həvəskar film
  6. ən yaxşı vizual effekt

KİNOTƏNQİDÇİLƏRİN XÜSUSİ DİPLOMLARI:

  1.  ilin ən yaxşı yeniliyi
  2. ən yaxşı müstəqil film
  3. ən cürətli rejissor işi.

1.5. “QIZIL PƏRİ” Mükafatının müsabiqəsinə buraxılan əsərlərin hər nominasiya üzrə nominantlarının  sayı  ən azı 3 (üç) olmalıdır. Hər hansı bir nominasiyanın nominantlarının sayı 3-dən az olduqda, həmin nominasiya müsabiqədən çıxarılır;

1.6. “Milli kinomuza verdiyi töhfələrinə görə” və “Milli televiziyanın inkişafına verdiyi töhfələrinə görə” nominasiyaları “QIZIL PƏRİ” Mükafatının qaliblərinin təqdimetmə mərasiminə 3 gün qalmış Kino Akademiya tərəfindən müzakirə edilərək müəyyənləşdirilir;

1.7. Nominasiyalara təqdim olunan audiovizual əsərin rejissoru və peşə nominasiyalarına təqdim olunan namizədin Azərbaycan vətəndaşı olması mütləqdir.

1.8. “QIZIL PƏRİ” Mükafatının 2018-ci il müsabiqəsi 2015 – 2018-ci illəri əhatə edərək keçirilir; 

  1. Müsabiqəyə əsərlərin qəbulu

2.1. Təşkilat Komitəsi bütün maraqlı tərəfləri məlumatlandırmaq məqsədi ilə “QIZIL PƏRİ” Mükafatının  reqlamenti haqqında məlumatı və ərizə formasını mətbuatda və www.audiovisual.az  saytında   yerləşdirir;

2.2. “QIZIL PƏRİ” Mükafatının 2018-ci ilin müsabiqəsinə təqdim olunan əsərlərin istehsal vaxtı:

  • 2015-ci ilin iyulun 1-dən 2018-ci ilin iyulun 15-nə qədər Azərbaycan ərazisində ilk  dəfə kütləvi şəkildə nümayiş edilmiş audiovizual əsərlər;
  • TV efirində ilk nümayişləri 2015-ci ilin iyulun 1-dən 2018-ci ilin  iyulun 15-nə qədər həyata keçirilmiş telefilmlər.

2.3.“QIZIL PƏRİ” Mükafatının 2018-ci ilin müsabiqəsində iştirak etmək üçün sənədlərin qəbulu 2018-ci ilin iyulun 16-dan başlayır;

2.4.“QIZIL PƏRİ” Mükafatının müsabiqəsində iştirak etmək üçün ərizə formalarının və materialların təqdim olunmasının son vaxtı – 2018-ci ilin oktyabr ayının 01-nə qədərdir.

2.5. Ərizə formaları hər nominasiya üzrə ayrıca doldurularaq təqdim olunur.

2.6. Müsabiqədə iştirak etmək üçün ərizə forması ilə yanaşı, audiovizual əsər ya HD ya HDV  (mp4 və ya mov) formatında və ayrıca DVD diskdə, peşə nominasiyalarına təqdim olunanlar haqqında ətraflı məlumat, əsərin reklam materialları: rejissorun və ya digər nominantın fotoportreti, filmlərdən fotolar, əsərin və nominantın iştirakı ilə 30 saniyəlik HD ya HDV (mp4 və ya mov) formatında və ayrıca DVD diskdə  təqdim olunan əsərdən video parça təqdim olunmalıdır.

2.7. Audiovizual əsər “QIZIL PƏRİ” Mükafatının müsabiqəsinə əsərin rejissoru və ya prodüseri və yaxud müvafiq nominasiyaya namizəd olan müəllif, ifaçı və ya istehsalçı tərəfindən  təqdim oluna bilər;

  1. Nominantların müəyyənləşdirilməsi

3.1. “QIZIL PƏRİ” Mükafatının müsabiqəsinə təqdim olunmuş əsərlərin arasından nominantların müəyyənləşdirilməsi, “Seçim komissiya”sı tərəfindən həyata keçirilir;

3.2. “Seçim komissiya”sı   2018-ci ilin noyabr ayının 1-nə qədər, hər nominasiyadan 5 (beş) – ən azı 3(üç) nominant-namizəd müəyyən edir və Təşkilat Komitəsi noyabrın 1-də nominantların adlarını rəsmi açıqlayır.

3.3. “Seçim komissiya”sı  nominantın müəyyənləşdirilməsi zamanı, ehtiyac olduqda əlavə materiallar tələb edə bilər;

3.4. “Seçim komissiya”sının   yekun nəticələri protokol vasitəsilə rəsmiləşdirilir və “Seçim komissiya”sının Sədri tərəfindən təsdiq edilib imzalanır. 

  1. Qaliblərin müəyyənləşdirilməsi

4.1. “QIZIL PƏRİ” Mükafatının qalibləri Kino Akademiyanın üzvlərindən yaradılmış  müəlliflər, ifaçılar və prodüserlərdən ibarət Münsiflər Heyəti, xüsusi bülletenlərin doldurulması vasitəsilə, gizli səsvermə yolu ilə müəyyən edilir.

4.2. 2018-ci ilin noyabr ayının 1-dən başlayaraq, yəni nominantlar müəyyən olunduqdan sonra Təşkilat Komitəsi nominant əsərlərin Münsiflər Heyəti üzvləri üçün baxışını həyata keçirir. Ehtiyac olduqda nominant əsərlərin nüsxələrini Münsiflər Heyəti  üzvləri arasında tanışlıq üçün yaya bilər;

4.3. Əsərlərin baxışı keçirildikdə və ya Münsiflər Heyəti üzvlərinə nominant əsərlərin nüsxələri verildikdə,  Münsiflər Heyəti üzvlərinə individual formada nominantların siyahısı olan bülleten, doldurmaq üçün təqdim olunur. Bülletendə Münsiflər Heyəti üzvünün ancaq onun özü tərəfindən doldurulmuş səkkiz rəqəmli şifrəsi olur və bununla da səs verənin məxfiliyi qorunur;

4.4. Münsiflər Heyətinin üzvləri dekabrın 1-nə qədər qalibləri müəyyənləşdirən doldurulmuş bülletenləri bağlı zərfdə,  Kinorejissorlar Gildiyasında yerləşən və möhürlənmiş qutuya salır və səsvermədə iştirakını təsdiq etmək üçün qol çəkir;

4.5. Münsiflər Heyətinin üzvü ancaq bir dəfə səsvermə qutusuna bir zərf sala bilər;

4.6. 2018-ci ilin “QIZIL PƏRİ” Peşə Mükafatının qaliblərinin  təqdim edilməsindən bir gün qabaq, Təşkilat Komitəsi möhürlənmiş qutunu açır və səsləri hesablayır.

4.7. Hesablama gizli aparılır və nəticələrinə əsasən protokol tərtib edilir  və Təşkilat Komitəsinin sədri tərəfindən təsdiq edilib imzalanır.

4.8. Protokollar və Münsiflər Heyəti tərəfindən doldurulmuş bülletenlər saxlanılması üçün Kinorejissorlar Gildiyasına verilir.

4.9. Hər nominasiya üzrə qalibin adı xüsusi zərflərdə çap edilir və təqdimetmə mərasiminə qədər açılmır.

4.10.“QIZIL PƏRİ” Mükafatınınbütün nominant iştiakçılarına, “Qızıl Pəri” peşə mükafatının nominant statusunu təsdiqləyən Diplom verilir.

  1. Təqdimetmə mərasimi

5.1. “QIZIL PƏRİ” Mükafatı qaliblərinin təqdimetmə mərasimi 28 dekabr 2018-ci il tarixində –  Azərbaycan kinosunun 120-illiyinin yekunu kimi keçiriləcəkdir.

5.2. Təqdimetmə mərasiminə audiovizual sahədə – kino və televiziyada çalışan  müəlliflər, ifaçılar, prodüserlər, mədəniyyət və incəsənət nümayəndələri, eləcə də tamaşaçılar,  həvəskarlar və digər qonaqlar dəvət olunur.

5.3. Qalibləri, mərasimin ssenarisi üzrə müəyyən edilmiş kino və televiziya sahəsində çalışan sənətkarlar elan edir.

 

“QIZIL PƏRİ”

Mükafatının təsviri