Azərbaycanda müəlliflik hüququnun tarixi və ənənələri

Bütövlükdə intellektual mülkiyyətin, ayrıca götürüldükdə isə müəlliflik hüququnun bu günkü vəziyyətini xarakterizə edərkən, Azərbaycan xalqının çoxəsrlik müəlliflik hüququ ənənələrini diqqətə almamaq olmaz. Azərbaycan müəlliflik hüququnun kökləri lap qədim dövrlərə, ibtidai-təbii anonim anlayışının müəlliflik şəxsiyyətilə əvəz edildiyi dövrlərə gedib çıxır. 1300 illiyini bu yaxınlarda qeyd etdiyimiz «Kitabi-Dədə Qorqud» buna parlaq nümunə ola bilər, hərçənd bəzi məlumatlara görə Qorqudun təsvir etdiyi hadisələr eramızın ilk əsrlərinə aid edilir. Məhz həmin əsrlərdə sadəcə folklor nümunələrini yazıya alan deyil, öz müəlliflərinin adlarını da qoruyub saxlayan əsərlər meydana çıxmağa başlayır. Orta əsr Azərbaycanında azərbaycanlı müəlliflər – aşıqlar, öz müəllifliklərini əbədiləşdirməyin orjinal formasını tapdılar və bu, bütün Şərqə yayıldı. Yaradıcının əsl adı və poetik ləqəbi hökmən şerin – nəğmənin son beytinə, «tapşırma»ya salınırdı. Müasir müəlliflik hüququ terminologiyası ilə ifadə etmiş olsaq, bu müəllifin şəxsi hüquqlarının qorunmasının aktiv forması idi. Tapşırmadan mənimsəmələr və ya onun dəyişdirilməsi adi mülki hüquqla – adətlə təqib edilirdi və plagiatçılıq edən şəxslər ictimai nifrətə məruz qalırdılar. Azərbaycanda müəllifin şəxsi hüquqlarının mühafizə olunması ənənələri və kağız istehsalının gur inkişafı sayəsində Tusi, Təbrizi, Mərzban, Həbibulla Gəncəvi, Marağayi, Naxçivani, Xaqani, Beyləqani, Məhsəti Gəncəvi, Nizami və digər Azərbaycan alimləri və şairlərinin əlyazmaları orta əsrlərdən günümüzə qədər gəlib çatmışdır.
Bu günkü müəllif hüququ ənənəsində müəllifin əmlak hüququ adlandırılanlar o vaxtlar mesenatçılıq xarakteri daşıyırdı. Vergil, Horatsi, Marsial öz himayədarlarının – mesenat¬ların maddi köməyi ilə yazıb-yaratdıqları kimi böyük Azərbaycan memarı Əcəmi Naxçivani də özünün ən gözəl əsərlərini Azərbaycan Atabəylərinin sifarişi və himayəsilə yaratmışdı. Azərbaycan Şirvanşahları Seyid Yəhya Bakuvi kimi görkəmli alim-filosof, Xaqani və Fələki kimi məşhur şairlərə himayədarlıq edirdilər. Dahi Nizami Gəncəvi özünün «Xosrov və Şirin» poemasına görə böyük hökmdar Qızıl Arslan tərəfindən xüsusi bəxşişlə mükafatlandırılmışdı.

Məlum olduğu kimi, Qutenberqin çap üsulunu kəşf etməsi müasir müəlliflik hüququnun formalaşmasının başlanğıcı hesab edilir.
Azərbaycanın Ağqoyunlu və Səfəvilər dövlətlərinin Qərbi Avropa ölkələri, xüsusilə də Venetsiya Respublikası ilə xarici əlaqələri sayəsində 1594-cü ildə Romada «Mediçi» məntəqəsində ilk azərbaycanlı müəllifin kitabı çap üsulu ilə nəşr olundu. Bu kitab böyük Azərbaycan alimi Nəsrəddin Tusinin, XIX əsrin sonlarınadək Asiya və Şərq ölkələrində həndəsə və cəbr fənləri üzrə ən yaxşı dərslik hesab edilən və əlyazması halında hələ 1248-ci ildən mövcud olan «Təhriri-Oqilidis» əsəri idi.

Bu əsər sonralar 1598-ci ildə, latın dilinə çevrildikdən sonra isə 1657-ci ildə Londonda təkrar nəşr olundu və lap bizim dövrə qədər Avropa məktəblərində ondan dərslik kimi istifadə edilirdi.
XVII əsrdən, şrift üsulu ilə kitab nəşrinin fəal inkişaf etdiyi Səfəvilər dövründən Azərbacanda müəlliflik hüququ müasir mənada qəbul edilməyə başlamışdı və onun tənzimlənməsi adi hüquq çərçivəsində həyata keçirilirdi.
Xalqımızın zəngin müəlliflik ənənələri sayəsində müəlliflik hüquqlarının Azərbaycanda təşəkkül tapmasının qısa tarixçəsi belədir. Tamamilə təbiidir ki, Azərbaycanın müasir, bu günkü müəlliflik hüququ latın və anqlo-sakson hüquq ənələrinin, ÜİMT-in (Ümumdünya İntellektual Mülkiyyət Təşkilatı) və inkişaf etmiş ölkələrin ən yaxşı təcrübələri ilə tamamlanmış və zənginləşdirilmişdir.
Fransız yazıçısı Şatobrianın sözləri ilə desək, «hüquq borcu yox, borc hüququ doğurmuşdur». Cəmiyyətin, dövlətin Azərbaycan alimləri, mədəniyyət xadimləri qarşısında borcu müəlliflik hüququnu kristallaşdıraraq, bu günkü səviyyəyə çatdırmışdır.

K.İmanov