Abbas Mirzə Şərifzadə

Kinorejissor
(22.03.1893 – 16.11.1938)

Abbas Mirzə Əbdülrəsul oğlu Şərifzadə Şamaxının Yuxarı Qala məhəlləsində ziyalı ailəsində anadan olub. 1902-ci ildə Şamaxıda baş verən zəlzələdən sonra ailəsi Bakıya köçüb. Abbas Mirzə əmisi Mirzə Məmməd Tağının sayəsində ilk dəfə tamaşa anlayışı ilə tanış olub. Teatr sənətinə meyl göstərən Mirzə Məmməd Tağı dini tamaşalar hazırlayırmış. Günlərin birində o, “Şəbeh” tamaşasında əsir qız uşağı rolunu qardaşı oğlu Abbasa tapşırıb. Abbas Mirzə Şərifzadənin səhnə fəaliyyətinə gəlincə, o, ilk dəfə 1908-ci ildə Molyerin “Zorən təbib” əsərində epizodik rolda oynayıb. İki ildən sonra isə “Maarif” cəmiyyəti nəzdində yaradılmış teatr kollektivinə qəbul olunub. 1910-cu ildən “Səfa”, “Nicat” cəmiyyətlərinin teatr truppalarında çıxış edən Abbas Mirzə Şərifzadə 1911-ci ildə onu bir sənətkar kimi təsdiq edən ilk obrazını yaradıb. Bu, Əbdürəhim bəy Haqverdiyevin “Ağa Məhəmməd şah Qacar” faciəsinin əsas qəhrəmanı Qacar obrazı idi. Abbas Mirzə Şərifzadə 1916-cı ildə Hacıbəyov qardaşlarının truppasına rejissor kimi dəvət olunub. Bir il sonra isə “Müsəlman Artistləri İttifaqı”na sədr seçilib. İttifaqın nəzdində teatr studiyası yaratmaqla ölkədə teatr təhsili sahəsində ilk təşəbbüsü göstərib. Azərbaycan teatrı səhnəsində ilk dəfə Hamleti məhz Abbas Mirzə Şərifzadə oynayıb (1927). 1929-cu ildə Moskvada keçirilən Otello və Hamlet rolları ifasının Ümumittifaq müsabiqəsində Şərifzadə birinci yeri tutub. O, həm də ilk Azərbaycan rejissorlarından sayılır. “Şeyx Sənan”, “Oqtay eloğlu”, “Aydın”, “Ağa Məhəmməd şah Qacar”, “Qaçaq Kərəm” əsərlərini səhnələşdirib, “Leyli və Məcnun”, “Əsli və Kərəm”, “Aşıq Qərib”, “Şah İsmayıl” operalarının quruluşçu rejissoru olub. Azərbaycan kino sənəti tarixində də onun adı birincilər sırasındadır. O, ilk milli kinorejissor olub. Respublikanın əməkdar artisti (1928), Azərbaycan xalq artisti (1936) Abbas Mirzə Şərifzadə 1937-ci ildə həbs olunub. 1938-ci ildə oktyabrın 19-da “cəsusluq fəaliyyətinə görə” güllələnmə hökmü verilib. Hökm noyabrın 16-da yerinə yetirilib.

Rejissor və aktyor Abbas Mirzə Şərifzadə aktrisa Mərziyə Davudovanın həyat yoldaşıdır.

Rejissor və aktyor Abbas Mirzə Şərifzadə aktrisa Firəngiz Şərifovanın atasıdır.

Abbas Mirzə Şərifzadənin saytı: http://abbasmirzasharifzade.info

  1. https://azlogos.eu/abbas-mirz%C9%99-s%C9%99rifzad%C9%99nin-gull%C9%99l%C9%99nm%C9%99si/
  2. http://www.anl.az/down/meqale/sherq/2011/may/el05.htm
  3. https://525.az/news/110205-azerbaycan-teatri-ve-kinosunun-serifzade-fenomeni-cavid-qedir-yazir
  4. https://kulis.az/xeber/media/ad-gununde-hebs-olundu-sebebsiz-yere-gullelendi-olumu-ailesinden-gizledildi-serifzadenin-facievi-heyati-39845

FILMOQRAFIYA:

  1. Knyaz Dəmir Bulat (1916, tammetrajlı bədii film) – aktyor
  2. Azərbaycana səyahət (1924, qısametrajlı sənədli film) – rejissor, bədii rəhbər
  3. Bayquş (1924, tammetrajlı bədii film) – aktyor (xan)
  4. Bismillah (1925, tammetrajlı bədii film) – rejissor, montajçı
  5. Əvəz-əvəzə (1925, tammetrajlı bədii film) – aktyor
  6. Şaxsey-vaxsey (1925, qısametrajlı sənədli film) – rejissor
  7. Hacı Qara (1928, tammetrajlı bədii film) – rejissor, montaj rejissoru
  8. Məhəbbət oyunu (1935, tammetrajlı bədii film) – rejissor, montajçı
A,M,Sarifzade-1
Hüquqvarisi:
Kontakt:
Ünvan: