Eldar Quliyev
kinorejissor, ssenarist, prodüser
(18.01.1941 – 16.04.2021)
Eldar Tofiq oğlu Quliyev 18 yanvar 1941-ci ildə Bakıda anadan olub. 1960-1967-ci illərdə Moskva Ümümittifaq Dövlət Kinematoqrafiya İntitutunun rejissorluq fakültəsində təhsil alıb. I kursda Roman Karmenin sənədli film sinfində, daha sonra isə Sergey Gerasimovun bədii film sinfində oxuyub. 1967-ci ildən “Azərbaycanfilm” kinostudiyasında işləyir. Bir çox bədii və sənədli filmin müəllifidir. Həmçinin bir çox filmin ssenari müəllifidir. Rusiya istehsalı olan “Qraf Krestovski” (2004, rejissor Ramiz Fətəliyev/Rusiya) filmində məmur rolunda çəkilib. Çəkdiyi filmlərin bir neçəsi kinofestivallarda mükafatlara layiq görülüb. Respublika Dövlət Mükafatı laureatı, Azərbaycanın Xalq Artistidir. 1987-ci ildən “Debüt” studiyasının bədii rəhbəri, Azərbaycan Professional Kinorejissorlar Gildiyasının Fəxri Prezidenti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində kino kafedrasının professoru olub. Yaradıcılığı müxtəlif mövzularla, janrlarla zəngindir. “Bir cənub şəhərində” filminin Azərbaycan kino tarixində novatorluğu – düşüncə tərzində, bədii-estetik formasında qabarıq görünür. “Film janrına görə komediya-daha dəqiq desək mənəviyyatın tragikomediyasıdır. Burada ekzotikanı axtarmaq düzgün deyil, bu hər şeydən əvvəl dəqiq göstərilən reallıq, ətrafa aydın müşahidəçilik, düşüncə ilə yanaşmaq qabiliyyətidir. Dəqiq ideyası, mənəviyyatı mövqedir” (Yuri Xanyutin). Eldar Quliyev Əməkdar incəsənət xadimi (1976), Dövlət mükafatı laureatı (1978), Xalq artisti (1983) fəxri adlarına, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının “Milli kino” mükafatına (2016), “Qızıl çinar” beynəlxalq mükafatına (2018) layiq görülüb. Rejissor Eldar Quliyev 16 aprel 2021-ci ildə vəfat edib.
Rejissor Eldar Quliyev bəstəkar Tofiq Quliyevin oğludur.
Rejissor Eldar Quliyev ssenarist Nərminə Quliyevanın atasıdır.
- https://aki.az/eldar-quliyev-80/
- https://sputnik.az/20210416/Kino-xadimlri-Eldar-Quliyev-haqqnda-Azrbaycan-mhtm-rejissorunu-itirdi-426724186.html
- https://ona.az/az/medeniyyet/xalq-artisti-eldar-quliyev-vefat-edib-28582
- https://modern.az/news/52214/
- https://konkret.az/eldar-quliyev-bir-cenub-seherinde-ve-babek-le-azerbaycan-kinosunda-iz-qoymus-rejissor/
- https://senet.az/rejissor-eldar-quliyev-milli-kino-mukafatina-layiq-gorulub/
- https://filmfond.az/2021/01/17/eldar-quliyev-80/
- https://www.bizimyol.info/az/news/383061.html
FILMOQRAFIYA:
- Əsl dost (1959, tammetrajlı bədii film) – rejissor köməkçisi
- Səməd Vurğun (II) (1966, qısametrajlı sənədli film) – rejissor
- Biri vardı, biri yoxdu… (1967, qısametrajlı bədii film) – rejissor, ssenari müəllifi
- Bir cənub şəhərində (1969, tammetrajlı bədii film) – rejissor
- Abşeron ritmləri (1970, tammetrajlı sənədli film) – rejissor
- Ən vacib müsahibə (1971, tammetrajlı bədii film) – rejissor
- Var olun, qızlar (1972, tammetrajlı bədii film) – rejissor
- Səmt küləyi (1973, tammetrajlı bədii film) – rejissor
- Ürək… Ürək… (1976, tammetrajlı bədii film) – rejissor
- Sevinc buxtası (1977, tammetrajlı bədii film) – rejissor, ssenari müəllifi
- Dantenin yubileyi (1978, tammetrajlı bədii film) – aktyor (tamaşaçı)
- Babək (1979, tammetrajlı bədii film) – rejissor
- Qızıl uçurum (1980, tammetrajlı bədii film) – bədii rəhbər
- Nizami (III) (1982, tammetrajlı bədii film) – rejissor, ssenari müəllifi
- Gümüşgöl əfsanəsi (1984, tammetrajlı bədii film) – rejissor, ssenari müəllifi
- Bəyin oğurlanması (1985, tammetrajlı bədii film) – bədii rəhbər
- Burulğan (1986, tammetrajlı bədii film) – rejissor, ssenari müəllifi
- Ata (1988, qısametrajlı sənədli film) – bədii rəhbər
- Cansıxıcı əhvalat (1988, tammetrajlı bədii film) – bədii rəhbər
- Çat (1988, qısametrajlı sənədli film) – ssenari müəllifi
- Dəvətnamə (1989, qısametrajlı bədii film) – bədii rəhbər
- Dünən, bu gün və… (1989, qısametrajlı sənədli film) – ssenari müəllifi
- Təxribat (1989, tammetrajlı bədii film) – rejissor, ssenari müəllifi
- Bəxtəvər (1990, qısametrajlı bədii film) – bədii rəhbər
- Güzgü (1990, qısametrajlı bədii film) – bədii rəhbər
- “Yapon” və yaponiyalı (1990, qısametrajlı bədii film) – bədii rəhbər
- Bizim Nəsibə xanım… (1991, qısametrajlı sənədli film) – ssenari müəllifi
- Haqqın dərgahı (1991, qısametrajlı sənədli film) – bədii rəhbər
- Qisas (1991, qısametrajlı bədii film) – bədii rəhbər
- Özüm və zaman haqqında (1991, qısametrajlı sənədli film) – ssenari müəllifi
- Dostuma məktub (1992, tammetrajlı sənədli film) – rejissor, ssenari müəllifi
- Lal (1992, qısametrajlı bədii film) – bədii rəhbər
- Təbəssüm (II) (1992, qısametrajlı bədii film) – bədii rəhbər
- Mənim ağ şəhərim (1993, tammetrajlı bədii film) – aktyor (mafiya başçısı)
- Təhminə (1993, tammetrajlı bədii film) – aktyor
- Elegiya (1997, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
- Vahimə (1998, qısametrajlı bədii film) – bədii rəhbər
- Nə gözəldir bu dünya… (1999, tammetrajlı bədii film) – rejissor, ssenari müəllifi
- Təsadüfi görüş (1999, qısametrajlı bədii film) – bədii rəhbər
- Şəhidlik zirvəsi (2001, qısametrajlı sənədli film) – ssenari müəllifi
- Əsirin qayıtması (2002, qısametrajlı bədii film) – bədii rəhbər
- Güllələnmə təxirə salınır!… (2002, tammetrajlı bədii film) – bədii rəhbər
- Odla qol-boyun (2002, qısametrajlı bədii film) – bədii rəhbər
- Ümid (III) (2002, qısametrajlı bədii film) – bədii rəhbər
- Girov (2005, tammetrajlı bədii film) – rejissor, ssenari müəllifi
- Unudulmuş qəhrəman (2005, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
- Heydər Əliyev. Dünyaya pəncərə (2006, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
- Heydər Əliyev. Azərbaycan mədəniyyətinin hamisi (2007, qısametrajlı sənədli film) – ssenari müəllifi
- Heydər Əliyev – Vətənin keşiyində (2007, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
- Monoloq. Ömər Eldarov (2007, qısametrajlı sənədli film) – ssenari müəllifi
- Xəyallar gündəliyi (2008, qısametrajlı bədii film) – bədii rəhbər
- Nəğməli ömür (2008, qısametrajlı sənədli film) – ssenari müəllifi
- Psixiatr (2009, qısametrajlı bədii film) – bədii rəhbər
- İstanbul reysi (2010, tammetrajlı bədii film) – rejissor, ssenari müəllifi
- Sən o səsi hardan aldın (2010, qısametrajlı sənədli film) – yaradıcı heyətin üzvü
- Usta Yusifin kamançası (2010, qısametrajlı bədii film) – bədii rəhbər
- Qala (II) (2011, qısametrajlı bədii film) – bədii rəhbər
- Vəsiyyət (2011, qısametrajlı bədii film) – bədii rəhbər
- Alo, bu mənəm (2013, qısametrajlı bədii film) – bədii rəhbər
- Dərvişin qeydləri (2013, tammetrajlı bədii film) – rejissor, ssenari müəllifi
- Eliza (2014, qısametrajlı bədii film) – bədii rəhbər
- Keçmişdən gələn zəng (2014, qısametrajlı bədii film) – bədii rəhbər
- Rast. Niyazi (2014, qısametrajlı sənədli film) – bədii rəhbər
- Bakı gecələri (2015, qısametrajlı bədii film, kinoalmanax) – bədii rəhbər
- Ayaqqabı əməliyyatı (2016, qısametrajlı bədii film) – bədii rəhbər
- Hədiyyə (2016, qısametrajlı bədii film) – bədii rəhbər
- Yol ayrıcında qalmış taksi (2017, qısametrajlı bədii film) – bədii rəhbər
