İman Məcidov
rejissor
(23.02.1973)
İman Əmirhüseyn oğlu Məcidov Bakıda anadan olub. 1979-1989-cu illərdə 21 nömrəli orta məktəbdə təhsil alıb. 1989-1994-cü illərdə Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi olmuş, universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 1992-2006-cı illərdə Azərbaycan Dövlət Teleradio Şirkətində (AzTV) rejissor assistenti, rejissor, baş rejissor vəzifələrində, 2006–cı ildən 2021-ci ilə qədər SPACE Teleradio MMC-də Mədəniyyət departamentinin rəhbəri, 2021-ci ildən isə bədii rəhbər vəzifəsində çalışır. 2005-ci ildə Mədəniyyət Nazirliyi tərəfindən “İlin ən yaxşı televiziya rejissoru”, 2006-cı ildə Azərbaycan kinosunun təbliğinə görə Kinematoqrafçılar İttifaqının təsis etdiyi “Qızıl çıraq”, 2007-ci ildə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən keçirilən “Mədəniyyət mövzusunda ən yaxşı jurnalist işi” müsabiqəsinin qalibi olmuşdur. Rejissor Ramiz Həsənoğlunun 2007-ci ildə ekranlara çıxan “Cavid ömrü” bədii filmində Hüseyn Cavidin gəncliyini, 2022-ci ildə AzTV-nin istehsalı olan, R.Həsənoğluya həsr edilmiş “Uzun yolun bələdçisi” bədii-sənədli filmində Hüseyn Cavid obrazını yaratmışdır.
Müxtəlif bədii televiziya filmlərinin, sənədli filmlərin, verilişlərin rejissoru, layihə rəhbəri olmuşdur. Rejissoru olduğu “Sənətdə keçən ömür. Rəssam Vidadi Nərimanbəyov” sənədli filmi 2011-ci ildə Sevastopolda keçirilən “Pobedili vmeste” VII Beynəlxalq Teleradio Festivalının 1-ci dərəcəli mükafatına, rejissoru olduğu “İdman hamı üçün” verilişi İdman Filmləri və Proqramları Milli Televiziya Festivalının mükafatına layiq görülmüşdür. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının və Azərbaycan Professional Kinorejissorlar Gildiyasının üzvüdür
Rejissor İman Məcidov rejissor Əmirhüseyn Məcidovun oğludur.
- http://kinobiz.az/celebrity/iman-m%C9%99cidov/
- https://modern.az/read/58696/
- https://www.bizimyol.info/az/news/50202.html
- https://525.az/news/196072-her-kesi-goz-yasina-bogan-47-deqiqe–ibrahim-ceferov-yazir
FILMOQRAFIYA:
- Sənətə həsr olunmuş ömür (2005, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- O, həmişə bizimlədir (2006, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Oxu gözəl (2006, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Sirr qapısı (2006, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Cavid ömrü (2007, tammetrajlı bədii film) – aktyor (Cavidin gəncliyi)
- Akademik Rəhim Rəhimov (2008, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Memar Fuad Seyidzadə (2008, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Koramal (2009, qısametrajlı bədii film) – məsləhətçi
- Sevgi etirafı (2010, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Balaca planetin böyük tarixi (2011, tammetrajlı sənədli televiziya filmi) – rejissor
- Sənətdə keçən ömür. Rəssam Vidadi Nərimanbəyov (2011, qısametrajlı sənədli televiziya filmi) – rejissor
- Xeyirlə şərin rəqsi (2015, tammetrajlı bədii film) – piar menecer
- “Uzun yolun bələdçisi” – (2021,rejissor Ramiz Həsənoğlu haqqında film – aktyor (Hüseyn Cavid)
