Məsud Pənahi

Animasiya rəssamı və rejissoru
(10.01.1943)

Məsud Abbas oğlu Pənahi 1943-cü ildə Güney Azərbaycanın Zəncan şəhərində doğulub. 1946-cı ildə ailəsi ilə Bakıya köçüb. Məsud Pənahi 1966-cı ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini, 1972-ci ildə isə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsini və ÜDKİ-nin nəzdindəki animasiya üzrə quruluşçu rejissor kurslarını bitirib. Məsud Pənahi animasiya kinosunun rejissorlarından İvan İvanov, Fyodr Xitruk və Evgeniy Şukayovdan dərs alıb. 1973-cü ildən 1979-cu ilə kimi “Azərbaycanfilm” kinostudiyasında animasiya filmlərinin rejissoru və rəssamı kimi çalışmışdır. Həmin illər ərzində bir neçə animasiya kursları təşkil etmiş, onlarla animasiya mütəxəssisi yetişdirmişdir. Məsud Pənahi məşhur “Pıspısa xanım və Siçan bəy” animasiya filminin müəllifidir.

1974-cü ildə Bakıda keçirilən VII Ümumittifaq festivalında “Bulud niyə ağlayır?” animasiya filminə görə 1-ci mükafata layiq görülüb. 1979-cu ildə isə Aşqabadda keçirilən XII Ümumittifaq kino festivalında “Qız qalası əfsanəsi” animasiya filminə görə iştirak diplomu ilə təltif edilib.

Uzun illər Almaniyada yaşamış, Berlin Mərkəzi Telestudiyasında və müxtəlif animasiya studiyaları nəzdində 63 animasiya filmlərinin çəkilişlərində iştirak etmişdir. M.Pənahinin son işlərindən biri Berlindəki Azərbaycan diasporunun dəstəyilə 2012-ci ildə çəkilmiş və Xocalı faciəsindən bəhs edən “Sükutun pozulması” (“Zerstörter Friede”, 2012) animasiya filmidir.

2018-ci ildə Məsud Pənahi Azərbaycan animasiyasına verdiyi töhfəyə görə 1-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının “Qızıl qayıq” mükafatı ilə təltif olunub. 2019-cu ildə həmin festivalın beynəlxalq münsiflər heyətinin sədri olub.

2020-ci ildə Almaniyanın Berlin şəhərində Məsud Pənahinin “Rezin xoruz” adlı avtobioqrafik kitabı nəşr olunub. Azərbaycan Professional Kinorejissorlar Gildiyasının, Azərbaycan Kinematoqrafçılar İttifaqının və 2022-ci ildən Azərbaycan Animasiya Assosiasiyasının üzvüdür.

  1. https://anima.az/mesud-penahi/
  2. https://medeniyyet.az/page/news/65807/Taninmis-animasiya-rejissoru-Mesud-Penahinin-80-illiyi-qeyd-edilecek.html
  3. https://kulis.az/xeber/media/Bakida-Msud-Pnahinin-ustad-drsi-kecirilck-38920
  4. https://azlogos.eu/m%C9%99sud-p%C9%99nahi-dominant-qadin-olmalidir-kisi-yox/
  5. http://www.anl.az/down/meqale/medeniyyet/2020/avqust/714035.htm
  6. https://animafilm.az/2019/about/jury
  7. https://edumap.az/2334-animasiya-severlerin-dizaynerlerin-ressamlarin-ve-bu-sahede-karyera-qurmaq-isteyenlerin-nezerine
  8. https://www.azerbaijan-news.az/index.php/posts/detail/berlinde-xocali-soyqirimina-hesr-olunmus-pozulmus-sulh-cizgi-filminin-teqdimati-olmusdur-9560

FİLMOQRAFİYA:

  1. Bulud niyə ağlayır? (film, 1973)
  2. Dınqıl, sazım, dınqıl (film, 1976)
  3. Günlərin bir günündə… (film, 1975)
  4. Xoruz (film, 1977)
  5. İşgüzar adamlar (film, 1977)
  6. Qız qalası əfsanəsi (film, 1978)
  7. Pəncə… Qulaq… Palaz… Tikan… (film, 1976)
  8. Pıspısa xanım və Siçan bəy (film, 1974)
  9. Şah və xidmətçi (film, 1976)
  10. Sükutun pozulması (film, 2012)
MESUD PENAHİ-2
Kontakt:+4915 485-65-78; e-mail: m.panachi@gmx.de
Ünvan:Bakı ş. Moskva prospekti 1.